İDMAN
Bədii gimnastika üzrə Dünya Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası iki bürünc medal qazanıb VİDEO


Bakı, 21 aprel, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda fərdi yarışlarda final çıxışları baş tutub.
AZƏRTAC xəbər verir ki, halqa ilə çıxışda beşinci olan Zöhrə Ağamirova lentlə hərəkətlərdə yeddinci pillənin sahibi olub.
Bu çıxışda birinci yerə Almaniyanı təmsil edən Daria Varfolomeyev yüksəlib.
Ötən gün çoxnövçülükdə (5 halqa, 3 lent və 2 top) bürünc medal qazanan Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Dariya Sorokina və Ləman Əlimuradovadan ibarət qrup hərəkətləri komandamız 5 halqa ilə hərəkətlərdə də fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Kollektiv 3 lent və 2 topla hərəkətlərdə isə 30.200 xal toplayaraq, altıncı yeri tutub.
Bununla da Azərbaycanın qrup hərəkətləri komandası yarışı 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edib.