QAN YADDAŞI
Belarus azərbaycanlıları 1990-cı il yanvarın 20-də Bakı şəhərində baş vermiş qanlı hadisələrin qurbanlarının xatirəsini ehtiramla yad etmişlər
Bakı, 21 yanvar (AZƏRTAC). Belarus Respublikasının “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi və onun gənclər bölməsi 1990-cı il yanvarın 20-də Bakı şəhərində baş vermiş qanlı hadisələrin 24-cü ildönümünə həsr edilmiş bir sıra matəm tədbirləri keçirmişdir.
Belə tədbirlərdən biri də “Azərbaycan İcmaları Konqresi”nin gənclər bölməsi və Bakı Slavyan Universitetinin Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti yanında fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən keçirilmiş “dəyirmi masa” olmuşdur.
Tədbir iştirakçıları 1990-cı il qanlı yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Anım tədbirində Belarus Respublikasının “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırov, Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin birinci katibi Qədim Qasımov, Bakı Slavyan Universitetinin Maksim Tnak adına Belarus Dövlət Pedaqoji Universiteti yanında Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Eleonora Hüseynova, Belarus Respublikasının “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin gənclər bölməsinin sədri Elvira İmanova, Belarusdakı Azərbaycan gənclərinin nümayəndələri iştirak etmişlər. Bu barədə AZƏRTAC-a Belarusun Respublikasının “Azərbaycan İcmaları Konqresi”ndən məlumat vermişlər.
Çıxışlarda qeyd edilmişdir ki, Qara Yanvar hadisələri Azərbaycan xalqının öz ölkəsinin müstəqilliyi və suverenliyi uğrunda mübarizə əzmini qıra bilməmişdir. 20 Yanvar faciəsinin qurbanları dinc sakinlər idi. Onlar sovet qoşunlarına qarşı mərdlik və qəhrəmanlıq nümayiş etdirmişlər.
Məruzəçilər bu faktı da vurğulamışlar ki, qanlı qırğından dərhal sonra Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş vermiş hadisəni kəskin pisləmiş, sovet rəhbərliyinə öz qəti etirazını açıq bildirmişdir.
Tədbirdə çıxış edənlər 20 Yanvar reallıqlarından bəhs edərək bu cür tarixi hadisələr barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmağın vacibliyini vurğulamış, bu məsələdə gənclərin rolunu xüsusi qeyd etmişlər.
Azərbaycan gənclərinin nümayəndəsi Dilşad Ağayeva şəhidlərə həsr edilmiş şeir söyləmişdir. 1990-cı ilin yanvarında Bakı şəhərində baş vermiş hadisələr barədə sənədli film nümayiş etdirilmişdir.
Belarus Respublikasının “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi isə Minsk şəhərindəki Azərbaycan evində Qara Yanvar faciəsinin qurbanlarının xatirəsinə ehsan vermişdir. Ehsan süfrəsində bu qurumun bütün regional bölmələri, Azərbaycan Respublikasının Belarus Respublikasındakı diplomatik korpusunun nümayəndələri və yüzlərlə həmvətənimiz iştirak etmişdir.
1990-cı il qanlı 20 Yanvar hadisələri Azərbaycan cəmiyyətinə güclü təsir göstərmişdir. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli və eyni zamanda xalqımızın tarixində qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.
20 Yanvar günü Azərbaycanda matəm günü elan edilmişdir. Ümumxalq Hüzn günü kimi qeyd edilən həmin gün minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, o faciənin qurbanlarının xatirəsini ehtiramla yad edir, onların məzarları üzərinə tər çiçəklər düzürlər.