Belarus Xarici İşlər Nazirliyinin 2013-cü il üçün icmalında Azərbaycan ilə münasibətlərin yüksək səviyyəsi vurğulanmışdır
Minsk, 12 fevral (AZƏRTAC). Belarus Xarici İşlər Nazirliyi MDB-nin yalnız “prezidentlər klubu” kimi qəbul edilməsi fikrinin dəyişdiyini qeyd etmişdir. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə məlumat Belarus xarici siyasət idarəsi tərəfindən hazırlanmış, qurumun 2013-cü ildə xarici siyasətinin və fəaliyyətinin yekunlarına dair icmalında yer almışdır.
İcmalda deyilir: “Belarusun Birlikdə sədrlik etdiyi dövrdə MDB-nin yalnız “prezidentlər klubu” kimi qəbul edilməsi fikrinin dəyişməsi, habelə regionda iqtisadi və sosial sabitliyin təmin edilməsinə kömək edən yeni inteqrasiya fəlsəfəsinin formalaşdırılması istiqamətində irəliyə doğru addım atılmışdır”.
Daha sonra deyilir ki, 2013-cü ildə Belarus MDB ölkələri ilə fəal əməkdaşlığı ikitərəfli formatda da davam etdirmişdir. İcmalda Belarus Prezidenti Aleksandr Lukaşenkonun uğurla həyata keçirdiyi rəsmi səfərlər arasında Azərbaycana səfəri qeyd edilir.
Belarus XİN Birliyin iştirakçısı olan ölkələr ilə qarşılıqlı ticarət-iqtisadi əlaqələrinin zənginləşməsinə və genişlənməsinə, o cümlədən Azərbaycan ilə ticarət-iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclasının keçirilməsinə də diqqət yetirmişdir.
İcmalda vurğulanır ki, Belarus ixracı artırmaq məqsədi ilə Birlik ölkələri, xüsusilə Azərbaycan, Qazaxıstan və Ukrayna ilə istehsal kooperasiyasını dərinləşdirmək istiqamətində fəal iş aparır. Mətndə deyilir ki, bu ölkələrdə traktor, kombayn, yük avtomobilləri, kommunal texnika, optik avadanlıq, avtokran və liftlərin birgə yığılması mexanizmi işə salınmışdır.
Azərbaycan ilə birlikdə MAZ avtobuslarının və “Qomselmaş” kombaynlarının yığılmasına dair yeni layihələr hazırlanır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk