BƏLƏDİYYƏLƏRLƏ İŞ MƏRKƏZİ AĞSUDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRMİŞDİR
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, bütün sahələrdə aparılan uğurlu islahatlar yerli özünüidarəetmənin də işinin təkmilləşdirilməsinə imkan vermiş, bələdiyyələrin hüquqi bazası möhkəmlənmiş, fəaliyyət dairəsi genişlənmişdir. İndi bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizədə imkanların genişləndirilməsi, yerli özünüidarə haqqında Avropa Xartiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi və sair vacib məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, bütün bunlar barədə respublika Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin Ağsuda keçirdiyi seminar-müşavirədə ətraflı danışılmışdır. 1 şəhər, 59 kənd bələdiyyə sədrinin və üzvlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə rayon bələdiyyələr şurasının sədri Aqil Niftəliyev açmışdır.
Seminar-müşavirədə bələdiyyələrlə iş mərkəzinin inzibati nəzarət idarəsinin böyük məsləhətçisi Nurlan Rəsulovun “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyadan irəli gələn vəzifələr”, məsləhətçi Xaliq Əsgərovun “Yerli özünüidarə haqqında Avropa Xartiyasından irəli gələn öhdəliklər. İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” mövzularında məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.
Məruzələrdə müzakirələrdə qeyd olunmuşdur ki, bələdiyyələr barədə qəbul edilmiş hüquqi-normativ aktlar, bu zaman Avropa Xartiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi, yerli özünüidarəetmədə beynəlxalq təcrübədən istifadə olunması bu qurumun həyatımızda rolunun və nüfuzunun artmasına imkan vermişdir.
Natiqlər bələdiyyələrin işinin gücləndirilməsi, fəaliyyətlərində demokratik prinsiplərin tətbiqi, aşkarlığın təmin olunması, yerli özünüidarəetmənin inkişafı məqsədi ilə şəhər, qəsəbə və kənd bələdiyyələrinin rayon toplantılarının, bələdiyyə sədrlərinin I ümumrespublika toplantısının, “Azərbaycanda yerli demokratiya həftəsi”nin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar.
Seminar-müşavirədə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilmişdir.