İQTİSADİYYAT
Belqradda Serbiya-Azərbaycan biznes-forumu keçiriləcəkdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Noyabrın 4-də Belqradda Serbiya- Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçiriləcəkdir. İclas çərçivəsində Serbiya-Azərbaycan biznes-forumu təşkil olunacaqdır.
Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirmişlər ki, bu tədbirlərdə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcəkdir.
Biznes-forum çərçivəsində keçiriləcək ikitərəfli görüşlərdə tərəfdaşlar axtarılacaq, işgüzar əlaqələrin qurulması ilə bağlı müzakirələr aparılacaqdır.
Forum Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilir.