Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsi ilə bağlı Brüsseldə Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirəcəkdir
Strasburq, 1 fevral (AZƏRTAC). Mərkəzi qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) XX əsr tarixində qanlı iz qoymuş Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar “Xocalı həftəsi” adı altında silsilə tədbirlər keçirməyi planlaşdırır.
Həftə çərçivəsində Benilüks ölkələrinin müxtəlif şəhərlərində etiraz aksiyaları və nümayişlər keçiriləcək, yerli sakinlərə erməni silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın kiçik bir şəhərində dinc və günahsız əhaliyə - qadınlara, uşaqlara, yaşlı insanlara qarşı törətdikləri vəhşiliklər barədə məlumat veriləcəkdir.
BAK fevralın 26-da Brüsseldə Avropa Parlamentinin önündə etiraz aksiyası təşkil edəcəkdir. İzdihamlı nümayiş Ermənistanın Brüsseldəki səfirliyi qarşısında başa çatacaqdır.
Aksiya zamanı BAK-ın faciə ilə bağlı bəyanatı Avropa Parlamentinin rəhbərliyinə və Ermənistan səfirliyinə təqdim olunacaqdır.
Bundan əlavə, BAK Niderland Krallığının inzibatı mərkəzi Haaqada da siyasi tədbirlər keçirməyi nəzərdə tutmuşdur. Konqres Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar ölkə parlamentinin binasında beynəlxalq konfrans keçirmək istiqamətində ciddi fəaliyyət göstərir.
Tədbirlər zamanı Xocalı soyqırımından bəhs edən foto, kitab, bröşur və digər əyani vasitələrdən ibarət sərgi nümayiş etdiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Milli Məclisinin üzvləri, Diaspor Komitəsinin əməkdaşları, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmiləri, qeyri-hökumət təşkilatlarının, Azərbaycan, Türkiyə və yəhudi diaspor qurumlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.
“Xocalı həftəsi” çərçivəsində rejissor Vahid Mustafayevin “Xoca” filminin Brüsseldə nümayişi nəzərdə tutulmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq