İQTİSADİYYAT
Bərdə rayonunun Hacılı kəndinə təbii qaz verilmişdir
Bərdə, 22 dekabr (AZƏRTAC). Bərdə rayonunun Hacılı kəndinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə kənddə rayon ictimaiyyətinin və sakinlərin iştirakı ilə mərasim keçirilmişdir.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Milli Məclisin deputatı Zahid Oruc əlamətdar hadisə münasibətilə sakinləri təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, görülmüş işlərdən danışmışlar. Bildirilmişdir ki, Bərdə şəhərinin qazlaşdırılması başa çatdırılmış, 34 kənd “mavi yanacaq”la təmin olunmuşdur.
Hacılı kəndinin qazlaşdırılması üçün 7,8 kilometr 110 millimetrlik, 3,8 kilometr 63 millimetrlik və 0,8 kilometr 32 millimetrlik qaz xətləri çəkilmiş, şəbəkədə 3 siyirtmə və 1 qaztənzimləyici şkaf quraşdırılmış, 82 təsərrüfata təbii qaz verilmişdir. Bütün abonentlər sayğac və qaztənzimləyici ilə təmin olunmuşlar.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.