Bərdə rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir
Bərdə, 8 yanvar (AZƏRTAC). “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Bərdə rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.
Rayon qaz istismar sahəsindən AZƏRTAC-a bildirmişlər ki, indiyədək Bərdə şəhəri və 39 kənd təbii qazla təmin olunmuşdur. Ötən il ərzində rayonun Gərənə, Kürdboraki, Soğanverdilər, Türkman, Muğanlı, Davudlar, Əmirli, Darğalar kəndlərinə və Qarabağ yaşayış massivi qazlaşdırılmış, Kətəlparaq kəndi ərazisində 18 kəndi təbii qazla təmin edən Avtomatik Qaztənzimləyici Stansiya istifadəyə verilmişdir.
Hazırda Ərəblər və Qaraqoyunlu kəndlərində qaz xətlərinin çəkilişi başa çatmışdır. Rayonun 15 kəndində isə qaz çəkilişi davam etdirilir. Yaxın günlərdə Qaradəmirçi kəndi ərazisində yeni Avtomatik Qaztənzimləyici Stansiyanın quraşdırılmasına başlanacaqdır.
2013-cü ilin sonunadək rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur.