Bərdədə ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimləri keçirilir. Növbəti belə tədbir Bərdə rayonunda təşkil olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, veteranlar iştirak ediblər.
Xidmətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar.
Qurumun Bərdə rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əfran Nəbiyev bildirib ki, vətənpərvər ruhda yetişən gənclərimiz həqiqi hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanır və nümunəvi xidmətləri ilə fərqlənirlər.
Rayon icra hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesindən söz açıb, gəncləri hərbi xidmət keçmələri münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən gənclər, onların valideynləri və veteranlar Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmətin vətəndaşlıq borcu və hər bir vətəndaş üçün şərəf olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan xalqı ordumuzun gücünə inanır və işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əmindir.