REGİONLAR
Bərdədə heyvandarlığın inkişafı uğurla davam edir
Bərdə, 12 avqust (AZƏRTAC). Bərdə rayonunda kənd təsərrüfatının əsas sahəsi olan heyvandarlığın inkişafı uğurla davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin birinci yarısının sonuna təsərrüfatlarda 84 min 171 baş iribuynuzlu mal-qara, o cümlədən 38 min 634 baş inək və camış, 134 min 120 baş qoyun və keçi olmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın 2,4 faiz, inək və camışlar 1,3 faiz, qoyun və keçilər 2,9 faiz artmışdır.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılaraq daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu məqsədlə xarici dövlətlərdən cins mal-qara gətirilmiş, yeni süni mayalanma məntəqələri yaradılmışdır. Cari ildə rayon üzrə 1204 baş inək və düyə süni yolla mayalandırılmış, 738 baş sağlam cins buzov alınmışdır.