BƏRDƏDƏ MULTİMEDİA DİSKİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİSDİR
Mayın 23-də Bərdədə “Uşaqlara Mərhəmət” Cəmiyyəti tərəfindən həyata keçirilən “İnformasiya texnologiyalarının tətbiqi ilə peşə tədrisi” layihəsi çərçivəsində hazırlanan multimedia diskinin təqdimat mərasimi keçirilmişdir. Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dünya Bankı ilə birgə həyata keçirdiyi kiçik qrantlar proqramı çərçivəsində maliyyələşir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, dərzilik peşəsinə həsr olunmuş multimedia diski bu peşənin tədrisində informasiya texnologiyalarının tətbiqindən bəhs edir.
Tədbirdə çıxış edənlər informasiya texnologiyalarının səhiyyə, təhsil, xüsusilə peşə tədrisi kimi sahələrdə tətbiqinə şərait yaradan kiçik qrantlar proqramının rolunu xüsusi vurğulamışlar.
Xatırladaq ki, keçən il RİTN və Dünya Bankı tərəfindən birgə həyata keçirilən qrant müsabiqəsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş QHT-lər üçün nəzərdə tutulmuşdur. Təqdim olunan layihələr yeni informasiya texnologiyalarının tətbiqi, təhsil və səhiyyə sahəsində islahatlar, gənclərin vətəndaş cəmiyyətinə inteqrasiyası, sosial müdafiə tədbirləri, ictimai şəffaflıq, yoxsulluğun azaldılması, insan haqlarının qorunması kimi problemlərin həlli məsələlərini əhatə etmişdir.