REGİONLAR
Bərdədə uşaqlar üçün bayram tədbiri: Qoy hər zaman gülsün uşaqlar
Bərdə, 2 iyun, AZƏRTAC
Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Qoy hər zaman gülsün uşaqlar” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin və övladlarının iştirak etdiyi tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova bildirib ki, uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Beynəlxalq təşkilatlar tərəfindən XX əsrin 50-ci illərindən başlayaraq uşaqlara, onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılıb. Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və bu sahə prioritet istiqamət təşkil edir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Ölkəmizdə uşaq hüquqları ilə bağlı güclü qanunvericilik bazasının mövcudluğunu qeyd edən Vəsilə Möhsümova qeyd edib ki, mütəmadi olaraq bu qanunlar və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, onların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlib.
Şəhid ailələrinin nümayəndələri çıxış edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, övladlarına və sağlamlıqlarını itirmiş vətəndaşlara dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir Kətəlparaq kənd uşaq musiqi məktəbinin hazırladığı rəngarəng musiqi nömrələri ilə davam edib.