Berlin və Paris multilateralizm doktrinasının öncülləridir
Berlin, 5 aprel, AZƏRTAC
Fransanın xarici işlər naziri Jan-İv Le Drian və onun almaniyalı həmkarı Hayko Maas “Multilateralistlər alyansı” yaradılması üzrə işi sürətləndirmək niyyətində olduqlarını bildiriblər.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının bu iki əsas ölkəsinin XİN rəhbərləri multilateralizm konsepsiyası çərçivəsində beynəlxalq əməkdaşlıq istiqamətində birgə fəaliyyət göstərməyi qərara alıblar. Maas fransız həmkarı ilə görüşdən sonra qeyd edib ki, bu təşəbbüsün məqsədi beynəlxalq təşkilatları və dəqiq qaydalara əsaslanan dünya ictimai nizamını möhkəmlətməkdir..
“Multilateralistlər alyansı” yaratmaq təşəbbüsü məhz Maasa məxsusdur. Fransa ilə bərabər Yaponiya və Kanada da həmin kluba qoşulmaq istədiklərini bildiriblər.
Maasın ideyasına görə, əvvəlcə ayrı-ayrı ölkələrin fərdi milli fəaliyyətinə qarşı mövcud dünya nizamını qoruyub saxlamaq niyyətində olan dövlətlərin şəbəkə birliyinin yaradılması nəzərdə tutulurdu.
Əslində “multilateralizmin təhlükə qarşısında olduğunu” bildirən Maas deyib: “Əgər ABŞ beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə tərəfdar çıxarsa, alyans bu ölkə üçün də açıqdır”.
Le Drian isə bildirib ki, multilateralistlər çoxluq təşkil edir. Onun sözlərinə görə, uzun müddət susan bu çoxluq güman edirdi ki, multilateralizm hər kəsə aydın məsələdir. Fransanın xarici işlər naziri vurğulayıb: “Lakin bu gün belə deyil”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin