SİYASƏT
BERNAMA agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin milli mətbuatımızın 145 illik yubileyinə dair müsahibəsini yayıb

Kuala Lumpur, 22 iyul, AZƏRTAC
Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyi AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri Vüqar Ağayevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunan müsahibəsini yayıb.
AZƏRTAC xəbər verir ki, ingilis dillərində yayılan “Azərbaycanda milli mətbuatın 145 illik yubileyi qeyd olunur” adlı müsahibədə ilk nömrəsi 145 il əvvəl - 1875-ci il iyulun 22-də maarifçilik dövrünün görkəmli nümayəndələrindən biri olan Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşrə başlanması ilə milli mətbuatın təsis edildiyi bildirilir. Qeyd edilir ki, “Əkinçi” Azərbaycanda milli və demokratik medianın ilk təməl daşı olub. Cəmi 56 sayı nəşr olunmasına baxmayaraq, bu qəzet Azərbaycan jurnalistikasının əsas nümunəsinə çevrilərək, əsl xalq qəzeti rolunu oynayıb.
Müsahibədə malayziyalı oxuculara Azərbaycan mətbuat tarixi barədə geniş məlumat verilir, sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr olunan “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad” qəzetləri, yalnız Azərbaycanda deyil, həm də Avrasiya regionunda yaxşı tanınan “Molla Nəsrəddin” jurnalı barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan mətbuatı həmişə ədalətsizliyə, cahilliyə qarşı mübarizə apararaq insanları maarifləndirməyə çalışıb.
Azərbaycan mətbuatının zəngin və şərəfli yol keçdiyini qeyd edən azərbaycanlı jurnalist bu tarixi bir neçə mərhələyə bölüb. Qeyd edib ki, mətbuatın inkişafında növbəti mərhələ olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuat formalaşıb, hadisələrə yeni baxışın bünövrəsi qoyulub. Təqribən 70 il davam edən sovet hakimiyyəti illərində də Azərbaycan mətbuatı özünəməxsus yol keçib, çoxsaylı qəzet və jurnallar dərc olunub.
Müsahibədə Azərbaycan mətbuatında növbəti mərhələnin 1980-ci illərin ikinci yarısından başladığı qeyd edilib. Bildirilib ki, Azərbaycan Sovet İttifaqının tərkibində olmasına baxmayaraq, ölkədə nəşr olunan bir sıra qəzetlər 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətini təbliğ etməyə başlayıb. Bu, həm də Azərbaycan dövlətçiliyinin, demokratik dövlət quruculuğunun bir mərhələsi idi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatın da inkişafında mühüm mərhələnin başladığı müsahibədə xüsusi qeyd olunur. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda çoxlu sayda yeni mətbuat orqanının fəaliyyətə başladığı müsahibədə xüsusi vurğulanır. Bildirilir ki, bu gün Azərbaycan mediası tam azaddır və jurnalistlər istənilən məsələni müzakirə edirlər. Azərbaycan mətbuatı təkcə söz və fikir azadlığına üstünlük vermir, həm də bütün demokratik ölkələrdə olduğu kimi, öz dövlətinin və cəmiyyətinin maraqları əsasında fəaliyyətini davam etdirir. Azərbaycan rəhbərliyi isə müasir tələblərə cavab verən milli mətbuatın inkişafı üçün hər cür şərait yaradır, onun maddi-texniki bazasının möhkəmlənməsinə, jurnalistlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur