MƏDƏNİYYƏT
Bəstəkarlar İttifaqında Xalq artisti Azər Dadaşovun 75 illiyi qeyd olunub
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, bəstəkar Azər Dadaşovun anadan olmasını 75 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bəstəkarın yaradıcılığından danışıb.
Vurğulanıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən olan Azər Dadaşov görkəmli bəstəkar Qara Qarayevin tələbəsi olub. O, zəngin yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına, təbliğinə mühüm töhfələr verib. Bəstəkar 14 simfoniyanın, neçə-neçə digər janrlarda yazılmış musiqi əsərinin, o cümlədən 20-dən çox filmə yazılmış bəstənin müəllifidir.
Azər Dadaşovun özünəməxsus yaradıcılıq yolundan söz açan natiq deyib ki, onun əsərləri dünyanın bir sıra nüfuzlu orkestrləri tərəfindən ifa olunur.
F.Əlizadə bəstəkarı təbrik edib, ona yeni-yeni nailiyyətlər arzulayıb.
Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarovanın “Azər Dadaşov xor musiqisi” adlı məruzəsi dinlənilib. Bəstəkarın yaradıcılığını yüksək qiymətləndirən Z.Qafarova onun yazdığı bütün musiqi əsərlərinin orijinallığı haqqında fikirlərini bölüşüb.
Sonra tanınmış Azər Dadaşovun yaradıcılığı ilə bağlı məruzələr dinlənilib.
Konsert proqramı ilə davam edən tədbirdə Azər Dadaşovun yazdığı musiqi əsərləri səsləndirilib.
Sonda Azər Dadaşov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.