REGİONLAR
Beton və nov kanallar su itkisinin qarşısını almaqla yanaşı, su istifadəçilərini fasiləsiz suvarma suyu ilə təmin edir VİDEO
Zərdab, 21 aprel, AZƏRTAC
Zərdab rayonu ərazisində olan 40595 hektar torpaq sahələrinin suvarılması Zərdab Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir. Ümumilikdə idarənin balansında 69 ədəd nasos stansiyası mövcuddur ki, həmin nasos stansiyalarında 110 ədəd aqreqat quraşdırılıb. Cari ildə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə əlavə nasos stansiyanın quraşdırılması isə suvarmada yarana biləcək problemləri aradan qaldırıb. Ümumilikdə bu il Zərdab rayonunda 19 min hektar sahəyə yaxın taxıl əkilib. Hazırda taxıl sahələrinin suvarılması davam edir.
Zərdablı fermerlər bu il sahələrdən bol məhsul gözləyirlər. Bunun səbəbi isə əkin aparılan torpaqların vaxtında suvarılmasıdır.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sahələrə verilən suyun bir hissəsi Kür çayından götürülməklə nasos stansiyaları vasitəsilə kilometrlərlə məsafədə beton və nov kanallarla əkin sahələrinə çatdırılır. İdarənin balansında olan suvarma kanallarının ümumi uzunluğu 1250 kilometrdir. Bunun 92 kilometri nov kanallardır. Suvarmada önəmli yerə malik olan beton və nov kanallar su itkisinin qarşısını almaqla yanaşı, su istifadəçilərini fasiləsiz suvarma suyu ilə təmin edir. Bu il daha 700 metr suvarma kanalının beton üzlüyə alınması planlaşdırılır. Bundan başqa, kanallar üzərində olan hidrotexniki qurğuların da təmiri mütəmadi olaraq aparılır.
Qeyd edək ki, Zərdab Suvarma Sistemləri İdarəsinin əsas su mənbələri Kür, Türyançay və Göyçay çaylarıdır. Suvarma nasos stansiyaları vasitəsilə mexaniki üsulla aparılır. Rayonda hər il taxıl, pambıq, yem bitkiləri, bostan-tərəvəz və çəltik əkilir.