Beyləqanda “Heyvan sağlamlığı” mövzusunda konfrans keçirilmişdir
Beyləqan, 3 may (AZƏRTAC). Beyləqan rayonunda yerləşən “Çoban Evi” kənd təsərrüfatı sərgi-satış kompleksində “Heyvan sağlamlığı” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, İsveçrə dövlətinin maliyyə dəstəyi ilə Aqro İnformasiya Mərkəzi (AİM) və İsveçrənin HEKS təşkilatının birgə həyata keçirdiyi “Heyvandarlıq resurslarına və bazarlarına çıxışın təmin olunması” (FARMS) əməkdaşlıq layihəsinin və Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən konfransın məqsədi Ağcabədi və Beyləqan rayonlarında baytarlıq xidmətinin inkişafına dəstək olmaqdır.
Konfransda kənd icra nümayəndələri, bələdiyyə üzvləri, süni mayalandırma texnikləri, baytarlıq idarələrinin nümayəndələri, Ağcabədi və Beyləqan Rayon İcra hakimiyyətlərinin məsul işçiləri, AİM və HEKS Azərbaycan təşkilatının əməkdaşları iştirak etmişlər.
Konfransda layihənin yerlərdəki tərəfdaşları olan baytarlıq idarələrinin rəhbərləri çıxış edərək hər iki rayonda baytarlıq xidməti sahəsində görülən işlər - profilaktiki tədbirlər, müayinə və müalicə tədbirləri barədə məlumat vermişlər. Onlar gələcəkdə xidmət çərçivəsində özəl baytarlıq xidmətinə daha çox yer veriləcəyini vurğulayaraq bu yolla xidmətin keyfiyyətinin daha da artacağına inamlarını bildirmişlər.
Layihə tərəfindən yaradılmasına dəstək edilən baytarlıq şəbəkəsinin üzvləri çıxış edərək bildirmişlər ki, onlar mütəmadi olaraq rayon mərkəzlərində və kəndlərdə görüşlər və təlimlər keçirməklə, bilik və təcrübələrini artırır, regionda baytarlıq dərman preparatları paylayan şirkətlərlə əlaqələr quraraq daha əlverişli şərtlərlə dərman əldə edə bilirlər.
Tədbirdə layihə əməkdaşları da çıxış edərək gələcəkdə baytarlıq xidmətini təkmilləşdirmək üçün yeni bir biznes modelini sınaqdan keçirməyi nəzərdə tutduqlarını bildirmişlər. Bu halda baytar həkimi, baytar apteki və süni mayalandırma texnikinin müştərək olaraq fermerlərə kompleks xidmət təklif etməsi nəzərdə tutulur.