Beyləqanda rayon təhsil işçilərinin konfransı keçirilmişdir
Beyləqan, 12 sentyabr (AZƏRTAC). Beyləqan rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə 2012-2013-cü tədris ilində görülmüş işlərə dair hesabat məruzəsi dinlənilmiş, qarşıda duran vəzifələrdən danışılmışdır.
Bildirilmişdir ki, hazırda rayonda fəaliyyət göstərən 54 ümumtəhsil məktəbində təhsil alan 12220 şagirdin təlim-tərbiyəsi ilə 1804 müəllim məşğul olur. Şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün 3 məktəbdənkənar müəssisəyə (uşaq şahmat məktəbi, uşaq-gənclər idman məktəbi və uşaq yaradıcılıq mərkəzi) 587 şagird cəlb edilmişdir.
Cari ildə rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 393 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş, onlardan 150-si tələbə adını qazanmışdır. Gənclərdən 14 nəfəri 500-600 arası, 3 nəfəri isə 600-dən çox bal toplamışdır.
Diqqətə çatdırılmışdır ki, ötən dərs ilində şəhər 6 nömrəli, Dünyamalılar kənd 2 nömrəli, Çəmənli, Əmirzeyidli, Sarısu kənd məktəbləri və şahmat məktəbi üçün yeni binalar tikilib istifadəyə verilmiş, şəhər 1 nömrəli, Şəfəq, Birinci Şahsevən 2 nömrəli və Qaradağlı kənd tam orta məktəbləri əsaslı, Qarallar, Şərq və Türklər kənd məktəbləri cari təmir edilmişdir. Hazırda Birinci Aşıqlı, İmamverdilər və Haramı kəndlərində yeni məktəb binaları inşa olunur, Bünyadlı və İkinci Şahsevən kənd tam orta məktəblərinin binaları əsaslı təmir edilir.
Qeyd olunmuşdur ki, yeni dərs ili ərəfəsində rayonun təhsil müəssisələrinə 75 adda 18955 nüsxə dərslik və dərs vəsaiti, həmçinin latın qrafikalı əlifba ilə çap olunmuş dünya və Azərbaycan klassiklərinin bədii əsərləri, lüğətlər, müxtəlif ensiklopediyalar verilmişdir. VI siniflərdə dərs deyəcək 512 nəfər fənn müəllimi təlim kurslarına cəlb olunmuş, təhsil müəssisələrinin kadr təminatı üzrə inkişaf proqramına uyğun olaraq 23 nəfər gənc mütəxəssis rayonun müəllim ehtiyacı olan ucqar kənd məktəblərinə təyinatla göndərilmişdir.
Konfransda yüksək nəticə ilə ali məktəblərə daxil olan məzunlara mükafatlar təqdim edilmişdir.