İQTİSADİYYAT
Beynəlxalq avtomobil daşımaları sahəsində Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyində Beynəlxalq Avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iclasda Belarus Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı idarəsinin rəisi Sergey Dubinanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi, nümayəndə heyətinin rəhbəri Elnur Abdullayev iki ölkə arasında beynəlxalq avtomobil daşımalarının əhəmiyyəti və qarşılıqlı tərəfdaşlığın inkişafından danışıb.
Daha sonra beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yük daşımaları sahəsində icazə vərəqələrinin istifadəsi, 2016-cı ildə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlər müzakirə edilib.