CƏMİYYƏT
Beynəlxalq Ədalət Məhkəməsində ölkələrin iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq öhdəliyi ilə bağlı məsələyə baxılır
Berlin, 3 dekabr, AZƏRTAC
Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsində ölkələrin iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq məcburiyyətində olub-olmaması ilə bağlı məsələyə baxılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın “Stern” qəzetində dərc olunan məqalədə bildirilib.
Nəşr yazıb ki, Azərbaycanda keçirilən iqlim sammitindən sonra hakimlər indi iqlim dəyişmələri ilə bağlı mübarizə barədə qərar qəbul etməlidirlər. Bakıda 200-dək ölkənin nümayəndələri gələcəkdə iqlim dəyişikliyinə kimin cavabdeh olacağı və zərəri kimin maliyyələşdirəcəyi məsələsi ilə bağlı müzakirələr aparıblar.
Vurğulanıb ki, bir sıra ölkələr planetə ciddi ziyan vurmalarına baxmayaraq, BMT-nin müvafiq müddəasına əsasən, iqlim yardımından yararlananlar inkişaf etməkdə olan ölkələr kateqoriyasında yer almaqdadır. Lakin bu dövlətlər planetə vurduqları ziyana görə özləri vəsait ayırmalıdır.
Diqqətə çatdırılıb ki, Beynəlxalq Ədalət Məhkəməsi yaxın həftələrdə bu məsələdə məsuliyyət, dövlətlərin iqlim dəyişmələri ilə mübarizə aparmaq məcburiyyətində olub-olmaması barədə qərar qəbul edəcək. Çünki bu, bəzi ölkələr üçün artıq mövcudluq məsələsidir. Xüsusilə kasıb ada dövlətlərində və ya Şərqi Asiyanın sahil zonalarında dəniz səviyyəsinin qalxması, qasırğalar çoxsaylı yaşayış yerlərini təhdid edir.
Məqalədə bildirilib ki, BMT Baş Assambleyası iqlim dəyişikliyi ilə mübarizədə dövlətlərin nə qədər məsuliyyət daşımalı olmasının müəyyənləşdirilməsi üçün 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Haaqa Məhkəməsinin iki məsələ - dövlətlərin ətraf mühiti və iqlimi zərərli istixana qazı emissiyalarından qorumaq üçün hansı hüquqi öhdəliklərinin olması, həmçinin ölkələrin hərəkət və ya hərəkətsizliyinin hansı nəticələrə səbəb olması, bu zərərlərə görə məsuliyyət daşımaları ilə bağlı qərar qəbul etməsi gözlənilir.
Nəşr yazıb ki, on gün davam edəcək müzakirələrdə 98 ölkənin və 12 beynəlxalq təşkilatın nümayəndələri işə baxan 15 hakim qarşısında öz arqumentlərini təqdim edəcəklər.
Müzakirələrdə Beynəlxalq İqlim Hesabatının (IPCC) müəllifləri də iştirak edirlər.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin