CƏMİYYƏT
Beynəlxalq ekspert tərəfindən həssas qruplarla bağlı layihənin ilkin təqdimatı olub






Bakı, 21 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən dəvət olunan beynəlxalq ekspert Şarlin Ramkisun tərəfindən həssas qruplarla bağlı yeni sosial müdafiə layihəsinin ilkin təqdimatı olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində atılan mühüm addımları qeyd edib, sosial müdafiə proqramlarının əhatə dairəsinin ildən-ilə genişləndiyini vurğulayıb.
Nazirliklə UNICEF-in Azərbaycan nümayəndəliyinin “Sosial müdafiə və uşaq müdafiəsi üzrə Birgə Fəaliyyət Planı” üzrə 2021-2022-ci illərə dair Fəaliyyət Planında hər hansı böhran vəziyyətində aztəminatlı ailələrin və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsinin yaxşılaşdırılması üçün mexanizm hazırlanmasının da nəzərdə tutulduğu qeyd olunub.
Mexanizmin yaradılmasında məqsəd Azərbaycan Respublikası Prezidentinin 2022-ci il iyulun 22-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndi (qeyd olunan həssas qrupların sosial müdafiəsinə əlavə imkanların yaradılması) üzrə tədbirin icrasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar nazirlikləri, Sabirabad və Şamaxı Rayon İcra hakimiyyətləri və digər aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə görüşlərin yekunu olaraq müvafiq mexanizmlə bağlı beynəlxalq ekspert tərəfindən ilkin layihə hazırlanıb.
Təqdim olunan layihə müxtəlif qurumların əməkdaşları ilə birgə müzakirə olunub, rəy və təkliflər bildirilib.