İDMAN
Beynəlxalq Həvəskar Boks Assosiasiyası Olimpiya medallarının “satın alındığını” sübut edə bilməmişdir
Bakı, 17 dekabr (AZƏRTAC). Rusiyanın allboxing.ru nəşrinin verdiyi xəbərə görə, AİBA-nın prezidenti Çinq Kuo Vu demişdir ki, daxili təhqiqat 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycanın iki qızıl olimpiya medalını satın alması barədə ittihamları sübuta yetirə bilməmişdir.
Xatırladırıq ki, üç ay bundan əvvəl BBC ilə yayılan verilişdə anonim mənbələrə istinad edilərək xəbər verilmişdi ki, guya Azərbaycandan olan Həmid Həmidov adlı investor Londonda iki qızıl medal əldə edilməsi üçün AİBA-nın World Series Boxing bölməsinin büdcəsinə 9 milyon dollar keçirmişdir.
Çinq Kuo Vunun sözlərinə görə, təhqiqat zamanı işin bütün faktiki tərəfi müəyyən edilmiş və təşkilatın üzərindən bütün ittihamlar götürülmüşdür. Beynəlxalq Olimpiya Komitəsinin başçısı Jak Rogge AİBA-dan təhqiqat barədə hesabat aldığını təsdiq etmiş və BOK-un keçirdiyi təhqiqat başa çatdıqdan sonra rəsmi bəyanat verəcəyini vəd etmişdir.
Bununla belə, BBC-nin jurnalistləri öz ittihamlarından əl çəkmirlər və BOK-un müstəqil təhqiqat aparan etika komitəsi ilə əməkdaşlıq edəcəklər. Onlar, həmçinin bildirmişlər ki, AİBA topladığı bütün faktları və məlumatları bəyan etsəydi, daha yaxşı olardı.