CƏMİYYƏT
Beynəlxalq konfrans çərçivəsində Reza Deqatinin “Yaralı insanlıq” foto instalyasiya sərgisi təşkil olunub




Bakı, 1 aprel, AZƏRTAC
Bakıda “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusuna dair beynəlxalq konfrans çərçivəsində tanınmış fotoqraf Reza Deqatinin “Yaralı insanlıq” adlı foto instalyasiya sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, nümayiş edilən foto əsərlərinin məqsədi gözəgörünməz silahın yaratdığı fəsadlar vasitəsilə insan hekayələrini anlatmaqdır. Konfransda yer alan instalyasiyalar, partlayıcı qurğuların törətdiyi təhlükəni və insan sağlamlığına təsirini vurğulayır.
Fotoqraf Reza Deqatinin obyektivi vasitəsilə dünyanın bir çox ölkəsində, həmçinin Qarabağda minadan zərər çəkmiş şəxslər həkk olunub. Danışan foto instalyasiyalar münaqişəyə məruz qalmış ərazilərdə çəkilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Reza Deqatini Qarabağda keçirilən çəkilişlər zamanı müşayiət edib, zəruri təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət ediblər.
Həmçinin dünyaşöhrətli fotoqraf ANAMA əməkdaşları ilə qısa videoçəkilişdə iştirak ediblər.