ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda tətbiqi dilçiliyin müasir problemləri müzakirə olunacaqdır
Bakı, 12 avqust (AZƏRTAC). Noyabrın 27-28-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsinin, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilaitçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, konfransın işi “Dil və kompyuter”, “Xarici dillərin tədrisi kommunikativ səriştə kontekstində”, “Tərcümə dillərarası və mədəniyyətlərarası kommunikasiya vasitəsi kimi”, “Psixolinqvistika: problemlər və perspektivlər” bölmələri üzrə aparılacaqdır.
İclaslarda “Nitq tanınma sistemləri”, “Dil, işarə və onun kompyuter şərhi”, “Süni intellekt”, “Xarici dillərin tədrisində qlobal dil amili”, “Qloballaşma və çoxdilliliyin tərcüməyə və tərcüməçiyə təsiri, “Dil və bədii qavrama” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
Konfransa göndərilən və ekspertlər tərəfindən seçilmiş tezislər çap ediləcəkdir.
Maraqlananlar tezislərini sentyabrın 30-dək təşkilat komitəsinə göndərməlidirlər.
Ətraflı məlumatı ADU-nun rəsmi saytında əldə etmək olar.