İQTİSADİYYAT
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan Korporativ İdarəetmə Layihəsini uğurla başa çatdırmışdır
Bakı, 22 dekabr (AZƏRTAC). Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC) Azərbaycan Korporativ İdarəetmə Layihəsini uğurla başa çatdırmışdır. Dekabrın 22-də layihənin nəticələrinə dair tədbir keçirilmişdir.
IFC-nin Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova layihə çərçivəsində görülmüş işlər barədə məlumat vermişdir. O bildirmişdir ki, bu layihə 2005-2011-ci illər ərzində ölkədə korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi üzrə fəaliyyət göstərmişdir. Azərbaycanın şirkət və banklarına əməliyyat fəaliyyətini təkmilləşdirməyə və 132 milyon ABŞ dolları həcmində investisiya cəlb etməyə kömək etmişdir. Eyni zamanda, ölkə üzrə qabaqcıl təcrübələri təşviq etmək məqsədilə layihə dövlət orqanları ilə əməkdaşlıq etmiş və korporativ idarəetmə üzrə Milli Korporativ İdarəetmə Standartları daxil olmaqla 7 qanunvericilik aktının qəbul edilməsində yardım göstərmişdir.
Layihə çərçivəsində şirkətlərin 97 faizində korporativ idarəetmə təcrübələri yaxşılaşmış, 80 faizdən çoxu daxili sistemlərini gücləndirmiş, 70 faizinin müşahidə şurası təcrübələri daha effektiv hal almışdır. Məlumat verilmişdir ki, bu dövrdə 150 seminar və təlim keçirilmiş, korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsi üzrə 600 şirkətə məsləhət xidməti göstərilmişdir.
İsveçrənin Azərbaycandakı səfiri Sabina Ulmann Şaban Azərbaycanla İsveçrə arasında sıx əməkdaşlıqdan məmnunluqla danışmışdır. O qeyd etmişdir ki, Azərbaycan İsveçrə üçün prioritet ölkə sayılır. İsveçrə bu günə qədər Azərbaycana müxtəlif sahələr üzrə 70 milyon dollar qrant ayırmışdır.
Digər natiqlər də layihənin əhəmiyyətindən danışaraq qeyd etmişlər ki, korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi kapitalın inkişafı üçün çox əhəmiyyətlidir.