İQTİSADİYYAT
BEYNƏLXALQ MALİYYƏ TƏŞKİLATLARI İLƏ ƏMƏKDAŞLIQ UĞUR GƏTİRİR
BU QURUMLARLA BİRGƏ HAZIRLANMIŞ LAYİHƏLƏR AQRAR BÖLMƏDƏ MƏHSUL İSTEHSALINI ARTIRMAĞA İMKAN VERİR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Prezidenti Heydər Əliyevin ölkədə aqrar bölmənin inkişafına göstərdiyi böyük diqqət və qayğı bir sıra beynəlxalq təşkilatlarda bu sahəyə iri məbləğlərdə sərmayə qoymaq marağını artırmışdır. Nazirlik beynəlxalq təşkilatlarla bir neçə birgə layihə üzərində işi qısa müddətdə uğurla başa çatdırmışdır. Hazırda Dünya Bankının ümumi dəyəri 60 milyon ABŞ dolları olan iki layihəsi, Kənd Təsrrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) 10 milyon dollarlıq bir layihəsi, Avropa Birliyinin 15 milyon dollarlıq bir kredit layihəsi, su təsürüfatı qurğularının yenidən qurulmasına dair İslam İnkişaf Bankının 19,4 milyon dollarlıq layihəsi uğurla həyata keçirilir.
Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın genişləndirilməsi aqrar bölmədə texnika parkının zənginləşməsinə də müsbət təsir göstərir. Ölkəmizin başçısı Heydər Əliyevin Yaponiyaya səfəri zamanı imzalanmış hökumətlərarası sazişə əsasən gündoğar ölkənin son illərdə ayırdığı 17 milyon dollar qrant hesabına 705 ədəd müxtəlif markalı müasir texnika alınmış və lizinq əsasında kənd təsərrüfatı istehsalçılarına verilmişdir. Bütün bunlar ölkədə aqrar bölmənin sürətli inkişafına zəmin yaratmışdır.