Beynəlxalq Muğam Mərkəzi naxçıvanlı məktəblilərə güclü təsir bağışlayıb
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, Dənizkənarı Milli parkda yerləşən bu Mərkəz barədə şagirdlərə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanması və dünyada geniş təbliğ edilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr sırasında xüsusi yer tutan Beynəlxalq Muğam Mərkəzi Fondun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilib.
Mərkəzin binası öz formasına görə Azərbaycanın qədim musiqi alətlərindən biri olan tara bənzəyir. Ən müasir texnologiyalardan istifadə olunmaqla tikilmiş bu bina üçün zəruri avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədə gətirilib. 2008-ci il dekabrın 27-də açılmış Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, tədris otaqları və səsyazma studiyası var.
Bildirilib ki, Azərbaycan muğamı ümumbəşəri mədəniyyətin nadir şedevrləri sırasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu fakt musiqi sənətinin muğam janrının bənzərsizliyini bir daha təsdiq edir.
Sonra naxçıvanlı məktəblilər Muğam televiziya müsabiqəsinin laureatı Nisbət Sədrayevanın ifasında muğam aləminin sehrinə düşüblər.
Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq məktəblilərə çox güclü təsir bağışlayıb.