İDMAN
Beynəlxalq Olimpiya Akademiyasında Azərbaycan gecəsi keçirilmişdir
Qədim Olimpiya, 9 avqust (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş Yay Olimpiya Məktəbi davam edir.
AZƏRTAC xəbər verir ki, məktəb çərçivəsində Beynəlxalq Olimpiya Akademiyasında Azərbaycan gecəsi təşkil olunmuşdur.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra Azərbaycanın coğrafi mövqeyi, mədəniyyəti və tarixi barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Tədbir zamanı məktəbin iştirakçıları konsert proqramı ilə çıxış etmişlər. Onlar Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa etmiş, milli rəqslərimizi nümayiş etdirmişlər.
Qonaqlara Azərbaycanın milli mətbəxinin təamları təqdim olunmuş və onlara ölkəmizi xatırladan hədiyyələr verilmişdir.
Sonra məktəbin iştirakçıları futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçdə keçirilmiş “Gefle” - “Qarabağ” (Ağdam) matçını izləmişlər. Gənclər rəqibini 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın qələbəsini bayram etmişlər.
Tədbir musiqi və rəqslərlə davam etmişdir.
Tədbirdə akademiyanın əməkdaşları, müəllim heyəti və digər ölkələrin nümayəndələri iştirak etmişlər.
Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri Qədim Olimpiya