SİYASƏT
BEYNƏLXALQ RESPUBLİKAÇILAR İNSTİTUTUNUN KURSLARINDA İŞTİRAK EDƏN GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) təşkil etdiyi kurslarda iştirak edən YAP Gənclər Birliyinin üzvləri ilə görüşmüşdür.
Partiyanın mətbuat xidmətindən bildirmişlər ki, YAP Gənclər Birliyinin sədri Ramil Həsənov kurslar barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, bu kursların təşkilindən əsas məqsəd gənclərin siyasi biliklərinin artırılması, təmsil etdiyi partiyanın təbliğatında iştirak formaları, onların mətbuatla, iş və digər məsələlər barəsində məlumatlandırılmasından ibarətdir. Azərbaycanın qərb, cənub, şimal-qərb bölgələrində artıq belə kurslar keçirilmiş, yaxın vaxtlarda isə şimal bölgəsində təşkil olunacaqdır.
Kurslarda iştirak edən ən fəal dörd nəfər gənc ABŞ Dövlət Departamentinin xətti ilə Birləşmiş Ştatlara səfər edəcəkdir. Ümumilikdə isə kurslarda 125 gənc iştirak etmiş, onlardan 60 nəfəri növbəti mərhələyə keçmişdir. Bu gənclərdən 25 nəfərinə ayrıca kurslar keçirilməsi qərara alınmışdır. Yerdə qalanlara isə yaz aylarında kursların keçirilməsi nəzərdə tutulur. Kurslar 35 rayon təşkilatını əhatə etmişdir.
Kurslarda iştirak edən gənclər bu tədbirin əhəmiyyətindən söhbət açmışlar. Onlar bildirmişlər ki, kurslar həm də BRİ-nin YAP ilə, bu partiyada təmsil olunan gənclərlə bağlı müəyyən stereotiplərinin dəyişməsində müsbət rol oynamışdır.
Bunun müsbət göstərici olduğunu önə çəkən Yeni Azərbaycan Partiyası sədrinin müavini vurğulamışdır ki, bu kurslar bir tərəfdən beynəlxalq qurumların YAP, Azərbaycan haqqında düzgün təsəvvürə malik olmasına şərait yaratmışdırsa, digər tərəfdən gənclərin potensialının üzə çıxması, onların siyasi biliklərinin artırılmasına kömək etmişdir. Azərbaycanın dünya birliyində layiqli yer tutması üçün gənc nəslin intellektual baxımından inkişafının vacibliyini qeyd edən Ə.Əhmədov, təmsil etdiyi partiyanın gənclərimizin potensialının üzə çıxarılmasında maraqlı olduğunu bildirmişdir.
Azərbaycanın karbohidrogen ehtiyatlarından əldə edilən mənfəətin insan kapitalına çevrilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə müvafiq addımların atıldığını nəzərə çatdıran sədr müavini, Azərbaycanın intellektual baxımdan inkişafı sahəsində gənclərin üzərinə böyük vəzifələrin düşdüyünü vurğulamışdır.