Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi seçki dairələri üzrə seçki məntəqələrinin yaradılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 2024-cü il 27 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 35.2-ci maddəsinə əsasən, seçki məntəqələri müvafiq dairə seçki komissiyaları tərəfindən aidiyyəti orqanlarla razılaşdırılaraq, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır.

Qanunvericilikdə nəzərdə tutulan tələblərin təmin olunması məqsədilə, xüsusilə də seçici sayının hazırkı artımı səbəbindən 1 saylı Şərur-Sədərək və 68 saylı Sabirabad-Şirvan seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili zərurəti ortaya çıxmışdır.

Seçki Məcəlləsinə əsasən seçki məntəqələri bilavasitə seçkilərdən əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır.

Beləliklə, Seçki Məcəlləsinin 35.3-cü maddəsinin tələbləri, habelə 35.2-ci və 36.4-cü maddələrində göstərilən prosessual müddətlər nəzərə alınmaqla, 1 saylı Şərur-Sədərək və 68 saylı Sabirabad-Şirvan seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 17.6.19-cu, 19.4-cü, 28.4-cü, 35.2-ci, 35.3-cü və 36-cı maddələrinə uyğun olaraq qərara alır:

1. 1 saylı Şərur-Sədərək və 68 saylı Sabirabad-Şirvan seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova
Katib   Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin