CƏMİYYƏT
Bikash Acharya: COP29-un təbii resursları və yaşıl örtüyü qorumağa yönəlmiş mühüm qərarlarla nəticələnəcəyinə ümid edirəm
Bakı, 14 noyabr, AZƏRTAC
COP29 dünyanı yaşıl gələcəyə hazırlamaq üçün böyük əhəmiyyət kəsb edən konfransdır. Burada qəbul ediləcək qərarlar həm mövcud, həm də gələcək nəsillər üçün həyati əhəmiyyət daşıyır. Çünki dünya iqlim dəyişikliyinin doğurduğu ciddi ekoloji problemlərlə üzləşir və bu dəyişikliklərin təsirləri qlobal miqyasda getdikcə daha çox hiss olunur. Buna görə də COP29-un təbii resursları və yaşıl örtüyü qorumağa yönəlmiş mühüm qərarlarla nəticələnəcəyinə ümid edirəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29-da iştirak etmək üçün ölkəmizə gələn Nepaldan olan iştirakçı Bikash Acharya söyləyib.
O, beynəlxalq iqlim tədbirinin təşkilati işlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: “Azərbaycan haqqında məlumatlı idim. Lakin ilk dəfədir ki, ölkənizdəyəm. COP29 tədbiri yüksək səviyyədə təşkil edilib. Həm çox məsuliyyət tələb edən, həm də dünyaya faydalı olan tədbirdir. Burada hər şey sistemli və əlçatandır”.