CƏMİYYƏT
“Biləsuvar Aqro” MMC-yə məxsus süd məhsulları istehsalı müəssisəsində bir sıra nöqsanlar aşkar olunub
Bakı, 1 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Rusiya Federasiyasının “Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti”ndən daxil olan müraciət əsasında Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən, “Biləsuvar Aqro” MMC-yə məxsus süd məhsulları istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı süd məhsullarının istehsalı üçün istifadə olunan xammalın müxtəlif təsərrüfatlardan alındığı və bir çox hallarda qəbul edilən südün baytarlıq arayışları ilə müşayiət olunmadığı aşkar edilib. Belə ki, aprel ayı ərzində 40 təsərrüfat subyektindən süd qəbul edilsə də, yoxlama zamanı yalnız 2 təsərrüfat subyekti üzrə qəbul edilmiş baytarlıq şəhadətnaməsi təqdim olunub.
İstehsal olunmuş məhsullara keçirilən baxış zamanı bəzi məhsulların etiket məlumatlarının istehsal tarixində uyğunsuzluq müəyyən edilib. Belə ki, 2022-ci il aprelin 14-də istehsal olunmuş, lakin istehsal tarixi 2022-ci il mayın 5-i qeyd olunan 3 ton “Səba” əmtəə nişanlı, 82,5 faizli kərə yağı aşkar edilib. Xammal və hazır məhsul anbarına keçirilən baxış zamanı pendir istehsalında Danimarka istehsalı “YF-L812” əmtəə nişanlı, qatıq istehsalında “YF-3331” əmtəə nişanlı hər biri 52 qram olan istifadə müddəti bitmiş maya məhsulları aşkar edilib. Aşkar olunmuş nöqsanlarla əlaqədar sahibkar inzibati məsuliyyətə cəlb olunub.