CƏMİYYƏT
Biləsuvar və Cəlilabad gəncləri sosial şəbəkələrdən düzgün istifadə qaydaları ilə tanış olublar
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi” proqramı çərçivəsində Biləsuvar Yeniyetmə və Gənclər İctimai Birliyi tərəfindən “Sosial şəbəkələrdən düzgün istifadə edək” layihəsi uğurla yekunlaşıb.
ARGTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, Biləsuvar və Cəlilabad rayonlarında ümumilikdə altı təlim üzrə 150 gəncin iştirak etdiyi layihə gənclərin sosial şəbəkələrdən düzgün istifadə qaydaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilib.
Təlimlər zamanı gənclərə sosial şəbəkələrdən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, iştirakçılara Azərbaycan həqiqətlərini, ölkəmizin qazandığı qələbələri dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif imkanlardan, həmçinin uyğun həştəqlərdən istifadənin əhəmiyyəti, internetin yaratdığı imkanlardan yararlanaraq düzgün maariflənmək, məlumatlılığı artırmaq barədə geniş məlumat verilib. Təlimlər praktiki məşğələlərlə davam edib və sonda gənclər qruplar halında təkliflərini yazaraq təqdim ediblər.
Layihə müddətində fəallıq göstərən gənclər sertifikatla təltif olunublar.
Qeyd olunub ki, “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi” proqramı gənclər təşkilatları tərəfindən həyata keçirilən layihələrə müvafiq resurs dəstəyinin göstərilməsi və gənclər təşkilatlarının fəaliyyətlərinin səmərəliliyinin və məhsuldarlığının artırılmasını nəzərdə tutur.
Proqram çərçivəsində 12 təşkilatın reallaşdırdığı 12 layihəyə resurs dəstəyi göstərilir.