REGİONLAR
Biləsuvarda 34 min hektar sahədə dənli bitkilərin əkini proqnozlaşdırılır VİDEO

Biləsuvar, 21 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyan vacib sahələrdən biridir. Bu baxımdan regionlarda qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi ilə taxılçılıqda istehsalın genişlənməsinə xüsusi önəm verilir.
AZƏRTAC xəbər verir ki, Biləsuvar rayonunda taxıl səpini davam edir. Zəngin əkinçilik ənənələri olan rayonda bir çox fermer hər il olduğu kimi, təkrar və növbəli əkinə maraq göstərir. Ona görə də, məhsulunu tədarük etdikdən sonra torpağı payızlıq taxıl əkini üçün hazırlayıb.
Gənc fermer Yunis Əkbərli mütəxəssis məsləhəti ilə əkin apardığı sahədən növbəti il bol məhsul götürəcəyinə ümid edir: “10-15 hektar sahədə əkin aparırıq. Burada pambıq əkilmişdi, indi arpa səpirik. Ötən il də əkmişdik, hər hektara 40-45 sentner məhsul götürdük. Bizim torpaqlar əkdiyimiz “Qarabağ-22” arpa sortu üçün əlverişlidir, yaxşı məhsul götürmək olur”.
Mexanizator İdrak Bağırov isə bildirib ki, səpin işləri ilə paralel, sahəyə gübrə də verilir. “İstəyirik ki, məhsul bol olsun, əziyyətimiz hədər getməsin. Mülkiyyətçi də mexanizatordan razı qalsın”, - deyə o əlavə edib.
Səpinin aqrotexniki qaydada aparılması, əkində yüksək kondisiyalı toxumlardan istifadə edilməsi fermerlərin xüsusi diqqət mərkəzindədir.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Mikayıl İmanov da rayonda əkin sahələrindən bol məhsul götürüləcəyini gözləyir. Deyir ki, bol məhsul əldə etmək üçün səpini optimal müddətdə başa vurmaq və suvarma işlərinin də qaydasında aparılması lazımdır. Bu işlər bol məhsulun əldə edilməsində mühüm rol oynayır. Mikayıl İmanov onu da bildirib ki, hazırda suvarma ilə bağlı müəyyən çətinliklər var.
Qeyd edək ki, bu il rayonda 34 min hektar sahədə dənli bitkilərin əkini proqnozlaşdırılır. Oktyabr ayından başlanan əkin işlərinin 80 faizi başa çatdırılıb. Bu günədək 17 min hektar sahədə arpa, 10 min hektara yaxın sahədə isə buğda səpini başa çatdırılıb. Sürətlə davam etdirilən səpin işlərinin bu ayın sonunadək yekunlaşması planlaşdırılır.