BİLƏSUVARDA AÇILACAQ QURU SÜD VƏ KƏRƏ YAĞI ZAVODUNDA 150 NƏFƏR ÇALIŞACAQDIR
AZƏRTAC xəbər verir ki, Biləsuvarda smeta dəyəri 7 milyon avro olan, yüksək dünya standartlarına tam cavab verəcək quru süd və kərə yağı zavodunun tikintisi davan etdirilir.
Artıq əsas istehsalat korpusunun inşası yekunlaşmış, quraşdırma işlərinə başlanmışdır. Müəssisənin texnoloji avadanlığı Almaniya, Türkiyə, Polşa, Ukrayna və Rusiyadan alınmışdır. Bir növbədə (8 saat) 100 ton xammal emal etmək gücü olan zavodda ilkin mərhələdə quru üzlü və üzsüz südlər, habelə quru süd zərdabı istehsal ediləcəkdir.
Zavod regional funksiya daşımaqla, respublikanın cənub bölgəsində heyvandarlıqla məşğul olan sahibkarların əməyinin stimullaşdırılmasına əhəmiyyətli təsir göstərəcəkdir.
Müəssisənin avqust ayınadək açılması planlaşdırılır. Yeni istehsal sahəsində 150 nəfər daimi işlə təmin ediləcəkdir. Müəssisənin sahibi olan "Biləsuvar Aqro" Məhdud Məsuliyyətli Cəmiyyəti gələcəkdə zavodun fəaliyyətini genişləndirməyi də nəzərdə tutur.