CƏMİYYƏT
Biləsuvarda “Bəşəriyyət işgüzar əməkdaşlığa “hə”, münaqişələrə, müharibələrə və terrora “yox” deyir” mövzusunda tədbir keçirilmişdir
Biləsuvar, 1 oktyabr (AZƏRTAC). Oktyabrın 1-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşəbbüsü ilə Biləsuvar şəhərində “Bəşəriyyət işgüzar əməkdaşlığa “hə”, münaqişələrə, müharibələrə və terrora “yox” deyir” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Biləsuvar şəhərində ucaldılmış abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etmişdir. Cənub bölgəsinin fəal gənclərinin, elm adamlarının, ziyalıların, vətəndaş cəmiyyəti üzvlərinin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdikləri tədbirdə müasir dünyamızda baş verən münaqişələrin, terror, təxribat və müharibələrin törətdiyi bəlalardan - dağıntı və insan tələfatından ətraflı söhbət açılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən, 1 milyon vətəndaşımızı dədə-baba torpaqlarından didərgin salan Ermənistan Xocalı faciəsi kimi elə bir dəhşətli soyqırımı aktı həyata keçirmişdir ki, dünya birliyi bu vəhşiliyə biganə qalmamalı, bu faciəni törədənlərin layiqli cəzalarının almasına yardımçı olmalıdır.
Tədbirdə Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr, müharibənin Azərbaycana vurduğu ziyan konkret faktlarla diqqətə çatdırılmışdır.
Torpaqlarımızı vəhşicəsinə talayan Ermənistanın təcavüzkar siyasətinin təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə yönəldiyini dilə gətirən Milli Məclisin deputatı Xanhüseyn Kazımlı bildirmişdir ki, dünya birliyi bu işğalçılıq siyasətinin qarşısını almaq üçün konkret addımlar atmalıdır. İkili standartların dünyada sülhə təhlükə olduğunu qeyd edən natiq ölkəmizin sülhsevər siyasətindən, hərbi qüdrətindən danışmışdır.
Tədbirdə çıxış edən gənclərin nümayəndələri dünyanın bütün vətəndaşlarını ayıq-sayıq olmağa, haqqın, ədalətin yanında olmağa çağırmış, “Yaşasın işgüzar əməkdaşlıq!”, “Rədd olsun münaqişələr və müharibələr!” kimi şüarlar səsləndirmişlər.