REGİONLAR
Biləsuvarda qəzalı vəziyyətə düşən körpü bərpa edilib



Bakı, 25 avqust, AZƏRTAC
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91-ci kilometrində, Biləsuvar rayonu ərazisindən keçən hissəsində kollektor üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş avtomobil körpüsü əsaslı şəkildə bərpa olunub.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib. Bərpa işləri zamanı körpünün dayaqları bərkidilib, dəmir-beton aşırım tirləri yeniləri ilə əvəzlənib, plitələrin üstü (hərəkət hissə) betonlanıb, daha sonra körpü üzərinə asfalt-beton örtük döşənib və kənarlarına yeni məhəccərlər quraşdırılıb. Körpü avqustun 26-dan etibarən sürücülərin istifadəsinə veriləcək.
Xatırladaq ki, 1973-cü ildə inşa olunan 3 aşırımlı körpü ötən ay ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Belə ki, uzunluğu 30 metr, eni isə 8 metr olan körpünün dayaq hissəsi sıradan çıxmışdı.