Bilik Fondu udilərlə birlikdə Novruz bayramına həsr olunmuş “dəyirmi masa” keçirib
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qəbələ rayonun Nic qəsəbəsindəki Alban-Udi xristian dini icmasının icma mərkəzində qəsəbə icra nümayəndəliyinin, bələdiyyə və icma üzvlərinin iştirakı ilə Novruz bayramına həsr olunmuş “dəyirmi masa” keçirib.
Tədbirdə Bilik Fondunun qəsəbədə təşkil etdiyi "Azərbaycan dilini öyrənirik" kursunun müəllimi, araşdırmaçı filoloq Şahid İslamovun "Udi və azərbaycanlıların milli adət-ənənələrində paralellər və Novruzun qarşılanması ənənələri" mövzusunda mühazirəsi dinlənilib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, sonra qəsəbədə yaşayan azərbaycanlı, udi və ləzgilərin təmsilçiləri çıxış ediblər. Onlar ölkəmizdə milli azlıqların adət-ənənələrinin qorunub saxlanıldığını, dövlətimizin qayğısı sayəsində daha da zənginləşdiyini faktlarla diqqətə çatdırıblar. Qəsəbədəki müqəddəs Yelisey kilsəsinin keşişi bildirib ki, Novruz mərasimləri sovet dövründə qadağan edilsə də, hər ailədə gizlicə keçirilirdi.
Nic Mədəniyyət Mərkəzinin direktoru Vitali Köçəri kilsənin fəaliyyət göstərdiyi 16 il ərzində bu məkana ilk dəfə səmənilər gətirildiyini qeyd edərək multikultural tədbirin təşkilatçılığına və məzmunlu məruzəsinə görə Ş.İslamova qəsəbə sakinləri adından təşəkkürünü bildirib.
Tədbirdə Bilik Fondunun "Azərbaycan dilini öyrənirik" kursunun müdavimi Sevan Makarov udi şairi Aşot Udinoğlunun "Mənim baharım" şeirini Azərbaycan dilində söyləyib və bu ifa dinləyicilərin böyük marağına səbəb olub. Bununla yanaşı, Ehməd Məmmədli özünün "Novruz gəlir" şeirini söyləyib.
Milliyətcə ləzgi olan Evəz Məmmədov isə tədbirdə 12 Novruz adəti və ilaxır çərşənbələrin mahiyyəti haqqında danışıb.
Qəsəbə sakini Valod Gülmalov Bilik Fondunun təşkilatçılığı ilə Qəbələdə müxtəlif məzmunlu maarifçilik tədbirləri keçirildiyini xatırladaraq qurumun pasxa bayramı ərəfəsində daha bir məzmunlu görüşün gerçəkləşməsinə dəstək verməsini xahiş edib.
Sonda iştirakçılar kilsədə Azərbaycanın işıqlı gələcəyi naminə xoş niyyət və diləklərlə bayram şamları yandırıb, Novruz şirniyyatı süfrəsi ətrafında söhbət ediblər.