İQTİSADİYYAT
Binəqədi rayonunda dövlət proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi davam etdirilir
Bakı, 20 fevral (AZƏRTAC). “2011-2013-cü illər üzrə Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”çərçivəsində ötən il Binəqədi rayonunda bir sıra təhsil müəssisələri inşa olunmuş və əsaslı təmir edilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, proqramın icrası ilə əlaqədar 102, 3, 276, 246, 284, 126, 244 və 100 nömrəli məktəblər əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilmişdir.
Eyni zamanda, 244, 100, 246 və 143 nömrəli məktəblərdə yeni tədris korpuslarının tikintisinə başlanılmışdır.
Ötən il, həmçinin 103 nömrəli məktəb üçün 640 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmiş, 153, 159, 274, 298 nömrəli uşaq bağçalarında təmir işlərinə başlanılmışdır. Bu işlər hazırda davam etdirilir.
Bununla yanaşı, 211, 294 və 86 nömrəli uşaq bağçalarının binaları yararsız vəziyyətdə olduğu üçün həmin binalar tamamilə sökülmüş və hazırda bu məktəbəqədər təhsil müəssisələri üçün yeni binalar inşa edilir.
Rayon ərazisindəki 11 nömrəli uşaq musiqi məktəbi üçün yeni bina tikilmişdir. Hazırda Fikrət Əmirov adına 6 nömrəli uşaq musiqi məktəbində təmir işləri aparılır.