Binəqədi rayonunda su hövzələrində təhlükəsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Bakı Regional Mərkəzi paytaxtın Binəqədi Rayon İcra Hakimiyyətində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirakçılar Binəqədi rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə məlumatlandırılıb, aşkarlanmış nöqsanlar fotoslaydlarla göstərilərək yerli icra orqanlarının rəhbərləri ilə müzakirə edilib, müvafiq məlumatlar aidiyyəti qurumların əməkdaşlarının diqqətinə çatdırılıb.
Çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş olunub.
Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti və yerli icra nümayəndəliklərinin, eyni zamanda, bələdiyyələrin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölməsinin, yerli Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxsləri iştirak ediblər.