CƏMİYYƏT
Binəqədi və Qaradağ rayonlarında ağır yol-nəqliyyat hadisələri baş vermişdir
Bakı, 26 may (AZƏRTAC). Mayın 26-da Binəqədi rayonunun ərazisində Sumqayıt şəhər sakini Abdulhüseyn Nuriyevin idarə etdiyi “KamAZ” və Goranboy rayon sakini Elvin Bəylərovun idarə etdiyi “Opel” markalı avtomaşınlar toqquşmuşdur. Xəstəxanaya yerləşdirilmiş E.Bəylərovun həyatını xilas etmək mümkün olmamışdır.
Daha bir yol-nəqliyyat hadisəsi Qaradağ rayonunun ərazisində baş vermişdir.
Neftçala rayon sakini İlqar Rzayev idarə etdiyi “Hyundai” markalı avtomaşını aşırmışdır. Nəticədə İ.Rzayevin avtomobilində olan sərnişin Müşfiq Sultanov hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər sərnişin Sahib Əliyev isə xəstəxanaya yerləşdirilmişlər, vəziyyətləri orta-ağırdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.