Biofizika İnstitutunda İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib



Bakı, 13 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Rasim Aslanov Ümummilli Lider Heydər Əliyevin 1998-ci il iyunun 18-də təsdiq etdiyi “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın qəbul olunmasının müvafiq sahədə böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Rasim Aslanov “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda “müəlliflik hüququnun pozulması – elmi plagiat” ilə əlaqədar maddələri qeyd edib və onların bəzi bəndlərini təhlil edib. Bildirib ki, Azərbaycan Respublikasında əqli mülkiyyət hüququnun qorunması “Patent haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları və bu qanunla tənzimlənir. Nəticənin tədqiqat prosesinə uyğun olmaması, alınan nəticənin əsassız olaraq dəyişdirilməsi və ya təhrif edilməsi, başqasına məxsus mətnin və ya elmi məhsulun icazəsiz və ya yazılı istinadsız istifadəsi, eyni mətnin digər adla təkrar nəşri, müəlliflərin dəyişdirilməsi və ya şərikli müəlliflik hüququnun pozulması, müəlliflik hüququnun pozulması – elmi plagiat, elmi əsərin icazəsiz istifadəsi (qeyri-kommersiya məqsədləri istisna olmaqla) elmi etika və elmi nəticələrlə bağlı hüquqların pozulması hallarına aiddir. Daha sonra alim elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsindən bəhs edib. Onların vəzifələrinin, elmi etikaya riayət etmək, plagiata yol verməmək, yaradıcı, ləyaqətli, məsuliyyətli, müstəqil və təşəbbüskar olmağını vurğulayıb. Elmi dərəcələr və elmi adların ömürlük verildiyini, elmi etikanın və müdafiə prosedurunun pozulması və elmi plagiat aşkar edildiyi hallarda məhrumetmə həyata keçirildiyini qeyd edib.
Sonda tədbir iştirakçıları həm bu mövzu, həm də ümumiyyətlə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununda olan maddələr üzrə çıxış edərək öz fikirlərini bildiriblər.