Birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan edilmişdir
Bakı, 10 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Belarus Respublikasının Fundamental Tədqiqatlar Fondu (BRFTF) birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini elan etmişlər.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, elmi əlaqələri genişləndirmək və birgə qrant müsabiqələri keçirmək məqsədi ilə 2012-ci il sentyabrın 28-də Minsk şəhərində EİF ilə Belarus Milli Elmlər Akademiyası (BMEA) və BRFTF arasında əməkdaşlığa dair beynəlxalq saziş imzalanmışdır.
Azərbaycan və Belarus alimlərindən ibarət yaradıcı kollektivlər tərəfindən birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə və cari müsabiqənin razılaşdırılmış elmi prioritetlərinə uyğun olaraq, EİF birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini elan etmişdir.
Müsabiqə çərçivəsində fizika-riyaziyyat və texnika, humanitar və ictimai elmlər üzrə fundamental-tətbiqi xarakterli beynəlxalq layihələrin orta maliyyə həcmli (10 min -100 min manat) qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Bu qrantlar yalnız Azərbaycan və Belarus alimlərindən təşkil olunmuş kollektivlərə veriləcəkdir.
Bundan əlavə, Azərbaycan alimləri tərəfindən təqdim edilən, Belarusdan əldə olunması planlaşdırılan maddi-texniki təminatı nəzərdə tutan və gələcəkdə hər iki ölkə alimləri arasında layihənin mövzusu üzrə əməkdaşlığın davam etdirilməsi perspektivləri olan layihələrə elmi-tədqiqatların müasir tələblərə cavab verən maddi-texniki təminatı (elmi cihazlar, qurğular, avadanlıq və s. alınması) üzrə kiçik (10 min manatadək) və orta (10 min -100 min manat) maliyyə həcmli qrantların verilməsi də nəzərdə tutulmuşdur.
Müsabiqənin ümumi maliyyələşdirilmə həcmi 600 min manatdır.
Qrantların verilməsi üzrə müsabiqədə iştirak etmək üçün ərizə və müvafiq sənədlər barəsində ətraflı məlumatı EİF-in internet saytından (http://sdf.gov.az/) əldə etmək olar.
Qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı üzrə məsləhətlərin verilməsi və ortaya çıxan sualların cavablandırılması məqsədi ilə Elmin İnkişafı Fondunda seminarlar da keçiriləcəkdir.
Qeyd etmək lazımdır ki, birgə beynəlxalq qrant müsabiqəsinin keçirilməsi məsələsi Azərbaycan-Belarus hökumətlərarası komissiyasının ötən il keçirilmiş 7-ci iclasının Protokoluna da daxil edilmişdir.
EİF və BRFTF arasında imzalanmış beynəlxalq saziş və birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi iki ölkə arasında müxtəlif sahələrdə dinamik inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi işinə layiqli töhfə olacaqdır.