İQTİSADİYYAT
Birinci rübün sonunadək Ceyhandan 5007 tanker yüklənərək dünya bazarlarına göndərilib
Bakı, 7 may, AZƏRTAC
Birinci rüb ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 9 milyon dollar, əsaslı xərclərə isə 4 milyon dollar vəsait xərclənib.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5 mininci tankerin yola salınmasını qeyd etdi. 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 509 milyon tondan çox (3,82 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6,7 milyon ton (təxminən 51 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 68 tankerə yüklənib və yola salınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.
Qeyd edək ki, BTC Konsorsiumunun səhmdarları BP (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), Ekvinor (8,71 faiz), TPAO (6,53 faiz), Eni (5 faiz), TotalEnergies (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), EksonMobil (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir.