ELM VƏ TƏHSİL
BİRİNCİ VƏ DÖRDÜNCÜ İXTİSAS QRUPLARI ÜZRƏ İMTAHANLAR İYULUN 18-DƏ BAKI VƏ NAXÇIVAN ŞƏHƏRLƏRİNDƏ KEÇİRİLƏCƏKDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyulun 11-də Yeni Azərbaycan Partiyasının mənzil-qərərgahında keçirdiyi mətbuat konfransında ali məktəblərə qəbul imtahanları barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, bütün ixtisas qrupları üzrə imtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcəkdir. İyulun 18-də I və IV ixtisas qrupları üzrə 25 min 579 abituriyent imtahan verəcəkdir. Bu qruplardan olan abituriyentlər imtahan vəsiqələrini iyulun 14-dən başlayaraq ərizə verdikləri qəbul komissiyalarından ala bilərlər. Məleykə Abbaszadənin sözlərinə görə, III ixtisas qrupu üzrə sənəd verən 19 min 204 abituriyent iyulun 24-də, II və V ixtisas qrupları üzrə 22 min 120 abituriyent isə iyulun 27-də imtahan verəcəklər. İyulun 24 və 27-də keçiriləcək imtahanlara vəsiqələrin verilməsi vaxtı isə yaxın günlərdə müəyyənləşəcəkdir.Məleykə Abbaszadə, həmçinin demişdir ki, qəbul komissiyalarına 70 min 413 ərizə təqdim olunmuşdur. Abituriyentlərin 66 min 167 nəfəri Bakı şəhərində, 4 min 246 nəfəri isə Naxçıvan şəhərində imtahan verəcəkdir. Azərbaycan bölməsi üzrə ərizələr ümumi sənədlərin 95 faizini təşkil edir. Rus bölməsinə isə cəmi 3 min 510 nəfər sənəd vermişdir.Natiq qeyd etmişdir ki, təqdim olunan ərizələrin 40 faizində attestat balı 4,5, 18 faizində isə 3 bal səviyyəsində göstərilmişdir. Onun sözlərinə görə, əlaçı məzunlar, daha çox III qrupa sənəd vermişlər. Onların ən az sənəd verdikləri isə V qrupdur. Əlaçı məzunlardan 4 min 250 nəfər birinci qrupa sənəd verdiyindən və orada nufuzlu ixtisaslar olduğundan abituriyentlər ciddi müsabiqə vəziyyəti ilə qarşılaşacaqlar.