SİYASƏT
Birləşmiş Ərəb Əmirliklərində ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır
Bakı, 13 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, mərasimdə çıxış edən səfir Elxan Qəhrəmanov Ümummilli Liderin həyatı və fəaliyyəti haqqında məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra apardığı müdrik siyasət nəticəsində Azərbaycan qısa müddət ərzində surətlə inkişaf etmiş, dünya dövlətləri ilə müxtəlif sahələrdə əməkdaşlıq münasibətləri qurmuşdur. Diplomat Ulu Öndərin daim Vətənə, xalqa sonsuz məhəbbət hissi ilə, qurub-yaratmaq amalları ilə yaşamasından, milli maraqların təminatçısı və müdafiəçisi olmasından, bütün gücünü və zəngin təcrübəsini Azərbaycana həsr etməsindən danışmışdır.
Sonda ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında film nümayiş etdirilmişdir.