DÜNYA
Birləşmiş Krallıqda rəsmi şəkildə daha bir milli azlıq qeydə alınmışdır
Bakı, 25 aprel (AZƏRTAC). Böyük Britaniya əhalisinin etnik tərkibinə daha bir milli azlıq - kornuollular və ya korntslar əlavə olunmuşdur. Britaniya Xəzinədarlığının baş katibi Denni Aleksander Devid Kemeronun başçılıq etdiyi hökumətin qəbul etdiyi qərarı rəsmi şəkildə açıqlamışdır. Birləşmiş Krallıqda milli azlıqlar statusu bu günə kimi şotlandlara, irlandlara və valliyalılara verilmişdi.
İnzibati cəhətdən hersoqluq olan Kornuol Britaniya taxt-tacının şəxsi mülkü sayılır. Ənənəyə görə, bu mülk hakimiyyətdə olan monarxın böyük oğlunun idarəçiliyinə verilir.
Hazırda hersoqluğun süzereni şahzadə Çarlzdır, onun xanımı Kamilla isə Kornuol hersoginyasıdır.
Müasir elm kornuolluları hələ anql, saks və yut tayfaları müasir Almaniya və Danimarka ərazisindən Britaniya adalarına köç etməmişdən əvvəl burada məskunlaşan keltlərin birbaşa nəsilləri sayır.
Hazırda Kornuolun əhalisi 500 min nəfər təşkil edir. Onların 80 min nəfəri özlərini xüsusi xalq - kornuollular sayır.