QAN YADDAŞI
Bişkekdəki turkelpress.com və Almatıdakı vatanpress.com internet resurslarında 20 yanvar faciəsi ilə əlaqədar AzərTAc-ın müxbirinin materialı çap edilmişdir
Bişkek 20 yanvar (AZƏRTAC). Bişkekdəki turkelpress.com və Almatıdakı vatanpress. com internet resurslarında AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin rus dilində “20 yanvar Azərbaycanda ümumxalq hüzn günüdür” sərlövhəli geniş materialı çap olunmuşdur.
Məqalədə deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə sovet ordusu və daxili qoşunların hissələri, o cümlədən Rusiyanın Stavropol, Krasnodar və Rostov vilayətlərindən toplanmış muzdlular Bakıya yeridilmişdir. Bir gecənin içində günahsız insanlar - qocalar, qadınlar, uşaqlar - qətlə yetirilmiş, 700-dən artıq adam yaralanmış, itkin düşmüşdür. Yalnız yanvarın 20-də səhər tezdən radio ilə Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında M.Qorbaçovun fərmanı oxunmuşdur.
Materialda Naxçıvan, Gəncə, Lənkəran və Neftçalada qətlə yetirilən şəhidlər haqqında da məlumat verilir. Qeyd olunur ki, dinc əhali süngülərlə qətlə yetirilmiş, insanlara qadağan edilmiş 5,45 kalibrli ağırlıq mərkəzini dəyişən zəhərli güllələrlə atəş açılmışdır. Materialda həmin günlərdə Bakı buxtasında SSRİ silahlı qüvvələrinin gəmiləri ilə Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri arasındakı atışma və onların ratsiya ilə danışıqlarının mətni verilmişdir. Məqalədə faciədən bir gün sonra o vaxt Moskvada yaşayan dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə gəlib mətbuat konfransı keçirməsi və SSRİ-nin rəhbərlərini ittiham etməsi haqqında da məlumat verilir.