DÜNYA
BMT Mərkəzi Afrika Respublikasında vəziyyətin tənzimlənməsində həlledici rol oynamalıdır
Bakı, 28 dekabr (AZƏRTAC). Fransa prezidenti Fransua Olland BMT-nin Baş katibi Pan Gi Mun ilə telefon söhbəti etmişdir. Söhbət zamanı prezident bildirmişdir ki, BMT Mərkəzi Afrika Respublikasında (MAR) vəziyyətin tənzimlənməsində daha mühüm rol oynamalıdır.
Yelisey sarayının rəsmi məlumatında deyilir: “Respublika prezidenti vurğulamışdır ki, Fransanın hərəkətləri heç bir ayrı-seçkiliyə yol verilmədən MAR əhalisinin hamısının müdafiəsinə yönəlmişdir.
O, belə bir istəyini bildirmişdir ki, BMT MAR-da keçid dövrü müddətində daha mühüm rol oynasın”.
Fransa dövlətinin başçısı Afrikada beynəlxalq sülhyaratma missiyasını (MİSCA) gücləndirmək məqsədi ilə BMT tərəfindən görülmüş tədbirlərə görə Pan Gi Muna təşəkkürünü bildirmişdir.
Xatırladaq ki, dekabrın əvvəlində Banqidə “Seleka” silahlıları ilə qiyamçı xristianlar arasında toqquşmalar baş vermişdir.
BMT-nin məlumatına görə, bu iğtişaşlar zamanı təxminən 600 nəfər həlak olmuş, daha 159 minə yaxın sakin öz evlərini tərk etməyə məcburiyyətində qalmışdır.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə əsasən Mərkəzi Afrika Respublikasında 1200 fransız hərbçisi və Afrika ölkələrindən olan 3600 hərbi qulluqçu yerləşdiriləcəkdir.