DÜNYA
BMT-nin Baş katibi: Babalarımız tərəfindən qurulmuş sistemlərlə nəvələrimiz üçün uyğun gələcək yarada bilmərik
Bakı, 19 sentyabr, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, ölkələr cari və yaranan qlobal çağırışları həll etmək, köhnəlmiş beynəlxalq qurumlarda islahatlar aparmaq üçün qarşıdakı mühüm BMT sammitindən istifadə etməlidir.
Antonio Quterreş bu bazar günü BMT-nin baş qərargahında açılacaq Gələcəyin Sammiti ilə bağlı danışıqların yekun mərhələsində çıxış edib. O deyib: “Bu gün mənim bir əsas mesajım var; üzv dövlətlərə kompromis ruhu üçün müraciət edəcəyəm. Birgə səylərlə hər bir məqsədə nail olacağımızı göstərməliyik”.
Baş katib jurnalistlərə bildirib ki, ikigünlük Gələcəyin Sammiti qlobal institutları daha qanuni, effektiv, bu günün və sabahın dünyasına uyğunlaşdırmaq yolunda mühüm ilk addımdır. O əlavə edib: “Babalarımız tərəfindən qurulmuş sistemlərlə nəvələrimiz üçün uyğun gələcək yarada bilmərik”.
Onun sözlərinə görə, ilkin mərhələdə artıq görülən işlər bir sıra mühüm cəbhələrdə potensial irəliləyişləri ortaya qoyur. Onların sırasında BMT Təhlükəsizlik Şurasının islahatına dair ən güclü niyyət və 1963-cü ildən bəri Şuranın genişlənməsi istiqamətində atılan ən konkret addım da var. Süni İntellekt (AI) və digər texnologiyalar üçün idarəetmə tədbirləri və beynəlxalq maliyyə arxitekturasında islahatların aparılmasında da müəyyən irəliləyişlər var. Eyni zamanda, digər mühüm məsələlər - Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) üçün maliyyələşdirməni və inkişaf etməkdə olan ölkələrə dəstəyi artırmaq üzrə öhdəliklər də bu qəbildəndir. “Bütün bunların itirilməsi faciəli nəticələr verə bilər, - deyə Baş katib xəbərdarlıq edib.
Gələcəyin Sammitinin çox kritik olduğunu diqqətə çatdıran Quterreş bildirib ki, beynəlxalq çağırışlar onların həlli imkanlarından daha sürətlə irəliləyir. O, sürətli iqlim dəyişikliyinə, bərabərsizliklərə və borclara, süni intellekt və digər texnologiyaların inkişafına əlavə olaraq, nəzarətdən kənar geosiyasi parçalanmalara və münaqişələrə işarə edib. “Böhranlar bir-biri ilə qarşılıqlı əlaqədə olur və bir-birindən qidalanır; məsələn, rəqəmsal texnologiyalar inamsızlığı dərinləşdirən və qütbləşməni gücləndirən iqlim dezinformasiyasını yayır”, - deyə Baş katib vurğulayıb.